Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Martın 4-dü “Kibertəhlükəsizlik həftəsi”ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi mətbuat konfransında “AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev çıxış edərək şirkətin "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində 12 mart tarixində təşkil olunacaq “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbirdə nümayiş edtiriləcək həllər və xidmətlər haqqında məlumat verib.

“Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbir erefesində kibertəhlükəsizliyin qorunub saxlanılması üzrə biznes fəaliyyəti və həlləri barədə məlumat veriləcək. Həmçinin, tədbirdə “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

Həmçinin “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək.