Bildiyiniz kimi, koronavirus (COVID-19) qlobal epidemiyası ilə əlaqədar son həftələr ərzində dünya sürətlə rəqəmsallaşır. Ölkəmizdə də xüsusi karantin rejiminin tətbiq olunması şirkətlərin və təhsil müəssisələrinin onlayn rejimdə işə və tədrisə keçid etməsinə səbəb olmuşdur.

Belə hallarda fəaliyyəti mühüm olan obyektlər bir çox çətinliklərlə üzləşsə də, müsbət məqamlar da müşahidə olunur: İT sektorunun sürətli inkişafına zərurət yaranır, bulud xidmətlərindən istifadəyə üstünlük verilir və s. Son günlərdə həm dövlət, həm də özəl sektorun məhz bulud istifadəsinə tələbatı birə-beş artıb.

Sevindirici haldır ki, bu dönəmdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış “Azcloud” bulud xidmətlərinin hər gün 24 saat boyunca fasiləsiz fəaliyyəti təmin olunub və mərkəz hətta xüsusi rejim müddətində belə ciddi nəzarət altında saxlanılır.
Cənubi Qafqaz regionunda ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk data mərkəzi xüsusi sınaqlardan keçirilmişdir və Tier III standartına cavab verərək, 99,982% etibarlılıq səviyyəsi ilə hazırki dövrdə də tam gücü ilə xidmət göstərir.

Hazırda əməkdaşlar iki qrupa bölünmüşdür: işinə evdən davam edənlər və texniki dəstək göstərən növbətçi əməkdaşlar. Adi vaxtlarda belə gigiyenik normalara ciddi nəzarət olunan data mərkəzində texniki işçilərin virusa yoluxma ehtimalını minimallaşdırmaq məqsədilə xüsusi növbəli iş cədvəli yaradılmışdır. Növbətçi əməkdaşların bədən temperaturu yoxlandıqdan sonra onlar öz işini xüsusi geyimlərdə yerinə yetirir, bu zaman bir-biri ilə qarşılaşmır, növbə bitdikdən sonra isə otaq dezinfeksiya olunur. 

Məhz telekommunikasiya sahəsində çalışan mütəxəssislərin sayəsində böyükdən kiçiyə hər kəs gündəlik işlərindən, təhsilindən qalmır və ölkə iqtisadiyyatının strateji sahələri öz qaydasında fəaliyyətini davam etdirir.